İyunun 2-də Bakıdakı Konqres Mərkəzi dünyanın hər yerindən altı yüzdən çox nümayəndəni birləşdirən Bakı Enerji Forumunun işini başa çatdırdı. Enerji sahəsinin ən mühüm tədbiri həm Xəzər regionu, həm də bütün Avropa Birliyi üçün aktual olan məsələlərə həsr olunub.
Forumda keçid dövründə energetika sahəsinin qarşısında duran yeni vəzifələr, o cümlədən qlobal enerji təhlükəsizliyi məsələləri və Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu geniş müzakirə olunub.
Yeni qlobal enerji rejiminin inkişaf ssenarilərinə həsr olunmuş dəyirmi masada qlobal enerji keçidi prosesləri, enerji böhranı şəraitində enerji keçidinin sürətləndirilməsi yolları və s. nəzərdən keçirilib.
Şübhəsiz ki, Xəzər regionunun bərpa olunan enerji mənbələri və onların potensialı, istifadə imkanları, bərpa olunan enerji mənbələri infrastrukturunun inkişafı və yaşıl enerji sahəsində layihələrin icrası da diqqət mərkəzində olmuşdur.
Nümayəndələr ekologiya və planetimizin sağlamlığı uğrunda mübarizəyə onun təsiri ilə bağlı bütün aktual məsələlər və vacib mövzularda fəal şəkildə öz fikirlərini bildiriblər.
Forumun əsas proqramına tullantıların yaranmasının qarşısını almağa yönəlmiş "sıfır tullantı" proqramının əlavə edilməsi də qeyd olunmalıdır. Yeri gəlmişkən, Bakı Konqres Mərkəzi ekoloji konsepsiyaya uyğun tikilib. Mərkəzləşdirilmiş şəkildə quraşdırılmış günəş panelləri enerji istehlakı xərclərinə qənaət edir.
Jurnalistlərlə söhbətində forumun bütün xarici iştirakçıları onun keçirilməsi formatına səmimi rəğbətini ifadə edib və tədbirin mükəmməl təşkilinə görə təşəkkür ediblər.
"Boston Consulting Group" Bakı Enerji Forumunun intellektual tərəfdaşı kimi çıxış edib. Bakı enerji həftəsinin təşkilatçıları beynəlxalq tərəfdaşlar qismində "ICA Events" və "CEM FZ LLC" ilə birlikdə "Iteca Caspian" və Caspian Event Organisers"dir.