30 may tarixində “Bilgah Beach Hotel”-də Xəzəryanı regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı öz işinə başladı. Konfrans “Xəzər Neft və Qaz” sərgisinin tərkib hissəsidir və neft-qaz sektorunun rəhbərləri ilə yanaşı, bu sektor ilə əlaqədar olan müxtəlif sahələrin rəhbərləri üçün də əsas platformadır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 500 nəfərə yaxın nümayəndə iştirak edir.
Konfransın ilk plenar iclasını açan Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov müasir Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla həyata keçirildiyini vurğulayıb. Məruzəçinin sözlərinə əsasən, əsas ehtiyatları Xəzər dənizinin Azəri-Çıraq-Günəşli (AÇG) yatağında mövcud olan təxminən 1 mlrd. ton neft ilə yanaşı, Azərbaycan həm də 2020-ci ildən etibarən yeni “Cənub Qaz Dəhlizi” (CQD) ilə Avropaya ixrac olunacaq qaz ehtiyatları ilə də zəngindir və həmin vaxt Azərbaycanda qaz hasilatı (artım perspektivi ilə) il ərzində 40 milyard kub metr təşkil edəcək: “ – “CQD” yeni yataqların mənimsənilməsi üçün vacibdir. Xəzər dənizi müxtəlif dövlət və şirkətlərin enerji əməkdaşlığının mərkəzi olaraq qalacaq. Bu isə o deməkdir ki, Bakıda keçirilən neft və qaz konfransı öz işini davam edəcək” – deyə Pərviz Şahbazov qeyd edib.
İclasda çıxış edən İran İslam Respublikası neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmir Hosseyn Zamaniniya İran nümayəndə heyətinin dəvət olunmasına görə təşəkkür edərək, Xəzər neft və qaz konfransını regional və qlobal baxımdan vacib tədbir adlandırıb: “- Dünyada neft-qaz ehtiyatlarına gələcəkdə də böyük tələbat olacaq və deməli, əksər ölkələrin iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi, energetikanın davamlı inkişafı öz əhəmiyyətini qoruyub saxlayacaqdır” - deyə Zamaniniya qeyd edib.
O, Avropaya enerji resurslarının təchizatının diversifikasiyası məsələlərində Azərbaycanın artan rolunu qeyd edib, eləcə də İran-Azərbaycan energetika əməkdaşlığının uğurla davam edəcəyinə ümid bəslədiyini ifadə edib.
Qaz İxrac Edən Ölkələrin Forumunun (FSEQ) Baş katibi Yuri Sentyurin qeyd edib ki, Azərbaycanın dünyadakı energetika rolu artır və bu, Prezident İlham Əliyevin böyük xidmətidir: “- Azərbaycan beynəlxalq energetika forumlarının fəal iştirakçısıdır, FSEQ-də müşahidəçi statusuna malikdir və biz qaz yataqlarının mənimsənilməsi üzrə proqramların uğurla reallaşdırılmasını məmnuniyyətlə müşahidə edirik. 2020-ci ildə Avropa “Şahdəniz” yatağından çıxarılan ilk Azərbaycan qazını alacaq. 2021-23-cü illərdən sonra ölkənin digər yataqlarından da qaz hasilatına başlanacaq ki, bu da Azərbaycanın inkişafını təmin etməklə yanaşı, həm də dünya ölkələrinin davamlı inkişafı üzrə BMT-nin məqsədlərinə cavab verəcək” – deyə cənab Sentyurin vurğulayıb.
Yaponiyanın Neft, Qaz və Metal Milli Korporasiyasının prezidenti Tomonobu Uçida Yaponiya və Azərbaycanın sıx əməkdaşlığının vacibliyini vurğulayıb: “- Yaponiya enerji resurslarını idxal edir. Biz şadıq ki, şirkətlərimiz Azərbaycanda “Azəri-Çıraq-Günəşli” kimi nəhəng neft layihəsində iştirak edir və əməkdaşlığın dərinləşməsi üçün perspektivləri görürük” – deyə Uçida qeyd edib.
Konfransın ikinci plenar iclası “Gələcəyə baxış; enerji təhlükəsizliyi və dayanıqlığın əsas elementləri hansılardır?” mövzusuna həsr olunub. Tədbirdə iştirak edən şirkətlərin rəhbərləri bu məsələ üzrə öz fikirlərini bölüşüblər. Belə ki, “SOCAR” şirkətinin prezidenti Rövnəq Abdullayev konfransı “səmərəli” adlandıraraq qeyd edib ki, dövlət neft şirkətinin xarici tərəfdaşlar ilə əməkdaşlığı yeni səviyyəyə keçir: “ - Mən 14 ildir ki, “SOCAR” şirkətinə rəhbərlik edirəm. Tərəfimizdən dayanıqlı inkişaf proqramının reallaşdırıldığı müddət ərzində “SOCAR” təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda layihələri həyata keçirən beynəlxalq şirkətə çevrilib. Əvvəllər şirkətin əsas məqsədi Azərbaycanın karbohidrogenlərinin dünya bazarına çıxışını təmin etmək idi, hazırda şirkətin prioritetləri arasında neft-kimya sahəsi, yəni neft və qazın emalı nəticəsində müstəqil məhsul istehsalı da yer alır” - deyə R. Abdullayev bildirib. “Əsrin müqaviləsi”nin reallaşdırılması məsələsinə toxunan “SOCAR” şirkətinin rəhbəri qeyd edib ki, 25 il ərzində AÇG yatağına 36 milyard ABŞ dolları həcmində investisiya yatırılmaqla, 40 milyard ABŞ dolları həcmində birbaşa gəlir əldə edilib: “ - Biz hələ 32 il AÇG yatağında mənimsəmə işlərini həyata keçirəcəyik, qalan 500 milyon ton nefti hasil etmək üçün 40 milyard ABŞ dolları həcmində kapital qoyulub. Biz qaz yataqlarını işləyirik. “Ümid” yatağında quyular uğurla qazılır, Xəzərdəki “Abşeron” yatağından isə tezlikdə qaz hasil ediləcək. 2021-22-ci illərdə “Qarabağ” yatağından qaz hasil olunacaq və növbə “Əşrəfi-Dan Ulduzu-Aypara” yatağında çatacaq” – deyə R. Abdullayev məlumat verib və əlavə edib ki, “SOCAR” Türkiyədə həyata keçirilən layihələrə böyük diqqət yetirir və bura yatırılan ümumi investisiyaların həcmi tezliklə 19,5 milyard ABŞ dollarına çatacaq”.
“BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti Qari Counz qeyd edib ki, “AÇG” və “Şahdəniz” kimi genişmiqyaslı layihələr, eləcə də “BP” şirkətinin Azərbaycanda həyata keçirdiyi yeni layihələr enerji təhlükəsizliyinin təmin edilməsində və dayanıqlı inkişafda mühüm rol oynayır: “ - Biz “SOCAR” ilə birlikdə irəliləyərək, dövlət-özəl tərəfdaşlıq formasının (PPP) uğurunu və iqtisadi inkişafın dayanıqlığını nümayiş etdiririk” – deyə Counz vurğulayıb. Onun sözlərinə görə, 2023-cü ildən etibarən “AŞG” blokundan cari neft hasilatına sutkada daha 100 min barel əlavə etmək məqsədi ilə 2019-cu ildə bu blokda yeni “ACE” platformasının inşasına start veriləcək: “ - Qarşıda aşağı xərcli, lakin perspektivli “SWAP”, “Şəfəq-Asiman” və “D-230” layihələri də var” – deyə Counz qeyd edib.
Çıxış edən Türkiyənin “TPAO” şirkətinin Baş direktoru Melik Xan Bilgin Azərbaycan ilə tərəfdaşlığın strateji xarakteri və birgə layihələrin reallaşdırılmasının vacibliyi barədə məlumat verib.
“KazMunayQaz Milli Şirkəti” SC-nin İdarə heyətinin sədr müavini Kurmanqazı İskaziyev qeyd edib ki, energetika sahəsində Qazaxıstan-Azərbaycan əməkdaşlığı aktivləşir: “- İyun ayında Xəzər dənizinin Azərbaycan sektorunda modernləşdirmə və işlər icra etmək məqsədilə Qazaxıstandan özüyüksələn üzən qazma qurğusu gətiriləcək və bu ikitərəfli əməkdaşlığın yeni forması olacaq. Həmçinin, biz “Kaşaqan” və “Tengiz” yataqlarında hasilatın artırılması planları ilə əlaqədar həmin yataqlardan çıxarılan Qazaxıstan neftinin ixrac variantlarından biri kimi Azərbaycan vasitəsilə ixracını nəzərdən keçiririk” – deyə İskazıyev qeyd edib.
“Total E&P Absheron” şirkətinin icraçı direktoru Denis Lemarşal qeyd edib ki, Xəzərdəki “Abşeron” yatağının işlənməsinin ilk mərhələsi çərçivəsində təxminən 1.5 milyard kubmetr qaz və 700 min kondensatın hasil edilməsi, ikinci mərhələdə isə ildə dörd milyard kubmetr qazın çıxarılması planlaşdırılır. O, “SOCAR” ilə əməkdaşlıqdan və “Total” şirkətinin yeni qazma texnologiyalarının Azərbaycanda tətbiq edilməsi üçün yaradılmış imkandan razılığını bildirib. Üçüncü plenar iclas rəqəmsallaşma dövründə personalın inkişaf strategiyasına həsr olunub və bu iclasda “BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Vitse-prezidenti Nərminə Nəbiyeva, “SOCAR” şirkətinin Vitse-prezidenti Xaliq Məmmədov, “Kazenerqo” şirkətinin rəhbəri Lyazat Axmurzina və “ABB” şirkətinin Azərbaycan üzrə direktoru Rüstəm Qasımov çıxış ediblər.
Növbəti çıxışlar 2020-ci ildə CQD-nin istismara verilməsi nəzərə alınmaqla, yeni ixrac imkanları barədə olub, konfransın yekununda isə neft emalının transformasiyasının əsas istiqamətləri təqdim edilib.
Sinerji - qlobal inkişafa aparan yol: enerji təhlükəsizliyinə və dayaniqliğa doğru. Bu, hər il keçirilən və həm sənayenin, həm də beynəlxalq əməkdaşlığın inkişaf vektorlarını müəyyən etmək məqsədi ilə neft-qaz sahəsinin aparıcı şirkətlərini bir araya gətirən “Xəzər Neft və Qaz” konfransının plenar sessiyasının adıdır. Auditoriyada sənayenin ən aktual mövzuları (enerji təhlükəsizliyi, sektorun rəqəmsallaşdırılması, yeni ixrac və investisiya imkanlari, buraxıcılıq potensialı, ekoloji təhlükəsizlik, enerjiyə qənaət və “ağilli” şəhərlər) barədə 40-dan artıq məruzə səslənəcək.
26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransının formatı daha da dinamikləşir. İştirakçı və nümayəndə heyətlərini rəqəmsal imkanlardan istifadə sayəsində daha çox müzakirə və debatlar gözləyib. Belə ki, tədbir çərçivəsində nümayəndə heyətlərinə məruzəçilər ilə “onlayn” rejimdə ünsiyyət yaratmağa imkan verəcək mobil tətbiqin istifadəyə verilib. Mobil əlavənin sponsoru qismində “Gazprombank” çıxış edir. Konfransda SOCAR-ın yeni məhsulu olan “Aliyə” Süni İntellekt layihəsi də təqdim olunub.
İlk dəfə olaraq, “Enerji baxımından səmərəli və “Ağıllı” şəhərlər”: əsas hərəkətverici mexanizmlər və onların inkişafında energetika sektorunun rolu” adlı aktual mövzunu yekunlaşdırmaq məqsədi ilə xüsusi olaraq təşkilatçılar tərəfindən dəvət edilmiş məşhur sloveniyalı futuroloq Blaz Qolob konfransda iştirak edib.
Konfransın baş tərəfdaşı – “SOCAR”, qızıl sponsorlar – “BP”, “Equinor Azerbaijan”, “Gazprombank”, “Petronas”, gümüş sponsor – “INPEX Corporation”, bürünc sponsorlar – “ABB Limited”, “Baker Hughes A Ge Company”, “Caspian Pipe Coatings”, “Dentons Europe AARPI”, “HUAWEI”, “Lamor Corporation”, “McDermott”, “Nobel Upstream”, “SOCAR” AQS, “Tenaris Connections B.V.”, “Total E&P Absheron”, “Zenith Aran Oil Company LTD”.