Bakı. Musa Əhmədov – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Rusiyanın “LUKoyl” şirkətinin iştirak payını təmin etmək üçün şirkətə sindikatlaşdırılmış kredit ayırmağa qərar verib.
“APA-Economics”in məlumatına görə, bu barədə məlumat bankın saytında yerləşdirilib.
Kreditin ümumi həcmi 1 mlrd. dollar təşkil edir. Səlahiyyətli təşkilatçılar olan AYİB və Asiya İnkişaf Bankı hərəsi 500 mln. ABŞ dolları həcmində vəsaiti sindikatlaşdırılmış krediti kimi təqdim ediləcək. Borcalan qismində “LUKoyl”un xarici layihələr üzrə operatoru olan “LUKOIL Overseas” şirkəti çıxış edir.
Qeyd edək ki, AYİB-in nümayəndəsi “RİA Novosti”yə müsahibəsində bu məlumatı təsdiqləyib: “Biz kreditin ayrılması xəbərini təsdiqləyirik. Müqavilənin imzalanmasını gözləyirik”.
Rusiyanın ən böyük özəl neft şirkəti layihədə iştirak payına əsasən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılmasına 3 mlrd. dollar vəsait yatıracaq.
Qeyd edək ki, “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 28,8%), “TPAO” (19%), Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), “Petronas” (15,5%), “LUKoil” (10%) və “NICO” (10%) şirkətləridir.
Xatırladaq ki, “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 mlrd. kubmetr həcmində qiymətləndirilir.