SOCAR-ın “Azneft” İstehsalat Birliyi 2015-ci il ərzində Azərbaycanda neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb, hətta surətli artımına nail olub.
“Azneft”dən “APA-Economics”ə verilən məlumata görə, keçirilən texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan gözlənilən normadan daha artıq neft-qaz çıxarılıb. Ümumilikdə, 2015-ci il üzrə neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara əməl olunub.
Belə ki, ötən il ərzində “Azneft” üzrə 6 mln. 778 min ton neft hasil edilib. 2015-ci il ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. Keçən il 5,7 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 6,1 mlrd. kubmetrdən artıq olub. Plan 107,6% yerinə yetirilib.
Ötən il fəaliyyətsiz quyu fondundan 98 quyu istismara qaytarılıb. Bu quyulardan 29,2 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 58,3 min ton neft alınıb ki, bu da plandan 29,1 min ton çoxdur.
Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada, ilin əvvəlindən 715 geoloji tədbir keçirilib, nəticədə 312 min ton neft hasil edilib ki, bu da plana qarşı 78 tədbir çox və 44,4 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki tədbirlər nəticəsində isə 48,9 min ton plana qarşı 59,1 min ton neft hasil edilib.
Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən il də davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində il ərzində “Azneft”in sifarişi əsasında 75 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 189 min ton plana qarşı 194,9 min ton neft hasil edilib.