24-cü Beynəlxalq “Xəzər Neft və Qaz” konfransının ikinci iş günü ərzində nümayəndələr plenar iclaslar çərçivəsində işlərini davam etdirdilər.
“SOCAR”-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə səhər sessiyasının sədri və əsas məruzəçisi idi. Bu il konfransın daimi iştirakçısı və tərəfdaşı olan “BP” şirkəti Azərbaycan ilə əməkdaşlığının 25 illiyini qeyd edir. “BP - 25 il ərzində Azərbaycanın uzunmüddətli tərəfdaşı” adlı toplantı da məhz bu yubiley hadisəyə həsr olunmuşdu. “BP” və “SOCAR”-ın şöbə rəhbərləri mövzu üzrə məruzələrlə çıxış edərək, Böyük Britaniyanın neft-qaz şirkətinin xidmətlərini və enerji resurslarının hasilatı sənayesinə verdiyi töhfəni qeyd etdilər.
Fasilədən sonra layların verişi və neft hasilatının artırılması üçün qabaqcıl texnologiyaların tətbiqinə həsr olunmuş toplantı keçirildi. Aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, dünyanın müxtəlif ölkələrini təmsil edən nəhəng neft-qaz şirkətlərinin rəhbərləri qlobal operatorların işində hasilatın artırılmasına və yüksək nəticələrin təmin edilməsinə yönəlmiş fikir və konstruktiv təkliflər səsləndirdilər.
Səciyyəvi haldır ki, forum sessiyalarda optimal iş üçün bütün imkanlardan istifadə edən çoxsaylı maraqlı mütəxəssisləri cəlb edib. Hətta nahar və qəhvə fasilələri zamanı aparılan bir sıra dialoqlar peşəkar zəmində keçib, xammalın daşınması, Avropanın enerji təhlükəsizliyi, sənayenin inkişafı çərçivəsində dövlətlərarası əməkdaşlığın faydaları kimi məsələ və perspektivlər müxtəlif dillərdə müzakirə edilib.
Sonrakı toplantılar çərçivəsində rəqəmsal texnologiyaların ixtisaslı işçilərin hazırlanmasında effektiv rolu müzakirə edilib və ətraf mühit və sənaye təhlükəsizliyinin təminatı təhlil edilib. Energetika sektorunun gələcəyi bir çox cəhətlərdən ən son İK texnologiyalarının səmərəliliyindən asılıdır – bu məsələnin müzakirəsinə bir neçə beynəlxalq deputat qoşulub.
Sərgi və Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. Konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Qızıl sponsorları – “BP” və “Petronas”, gümüş sponsorları – “Inpex”, “McDermott” və “Statoil”, bürünc sponsorları – “Caspian Geophysical”, “Dentons”, “Fluor”, “Huawei”, “Lamor Corporation”, “Microsoft”, “Nobel Upstream”, “Reflex Marine”, “Schlumberger”, “Siemens”, “TAP”, “Total”, “Yokogawa”, “Zenith Energy” şirkətləri çıxış ediblər. Bununla da konfrans öz işini başa vurub.