3-4 iyun tarixlərində “JW Marriott Absheron Baku” otelində Beynəlxalq “Caspian Oil and Gas” konfransı keçirilir. Konfransda 30 ölkədən 500 nəfərdən çox nümayəndə iştirak edir. Konfrans proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50 nümayəndəsinin, neft-qaz sahəsinin aparıcı ekspertlərinin, eləcə də iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışları daxil edilib. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Polşa Baş nazirinin müavini Yanuş Pexoçinski, “BP” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti cənab Qordon Birell,“Bulgargaz EAD” şirkətinin icraçı direktoru Petyo İvanov və başqaları məruzə ilə çıxış edəcəklər.
Konfransın baş sponsoru qismində SOCAR, qızıl sponsorları qismində “BP” və “Baker Hughes”, gümüş sponsor qismində “Inpex”, bürünc sponsorları qismində isə “Caspian Geophysical”, “Cross Caspian”, “Chelpipe”, “Dentons”, “Integraph”, “Nobel Oil Upstream”, “Schlumberger”, “SOCAR AQŞ”, “SOCAR Polymer”, “TAP”, “Total” şirkətləri çıxış edir. Konfransın rəsmi hava yolları - “Ukrayna Beynəlxalq Hava Yolları”-dır.
Neft sənayesi dünyada ən çox inkişaf edən və innovativ yanaşması ilə fərqlənən sənaye sahələrindən biridir və burada daim yeni üsul və texnologiyalar işlənib hazırlanır. İldə bir dəfə keçirilən bu cür görüşlər həm mütəxəssislər, həm də bütövlükdə bu sənaye sahəsi üçün çox vacibdir, çünki onlar özü ilə birlikdə geniş məlumat, təcrübə və ən yeni texnologiya axınını təmin edir. Neft-qaz sənayesinin əsas nümayəndələrinin bu cür görüşlərdə iştirakı müxtəlif məsələlər ətrafında müzakirə və həll variantlarının müəyyən edilməsi üçün mükəmməl şərait yaradır. İldə bir dəfə keçirilən bu konfrans neft-qaz bazarı üzrə yeni inkişaf təmayüllərini, Xəzəryanı regionun potensial imkan və üstünlüklərini, dünyada enerji təhlükəsizliyi məsələlərinin həlli perspektivlərini qiymətləndirməyə imkan verəcək. Konfransın plenar iclasının mövzusu “Avrasiyanın enerji təchizatının təhlükəsizliyində Azərbaycanın rolu”dur. Konfrans əsnasında bu sənaye sahəsinin mühüm məsələlərinə toxunulacaq: neft-qaz layihələrinin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, iri neft və qaz layihələrinin maliyyələşdirilməsi və onların sabit inkişafının təmin edilməsi, Xəzər regionundan neft və qaz nəqlinin diversifikasiyası, enerji ehtiyatları bazasının genişləndirilməsi və yeni imkanların yaradılması, Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi, Azərbaycanda neft- kimya və neft emalının icmalı və inkişaf perspektivləri. Həmçinin, ekologiya və yeni enerji mənbələri kimi məsələlər də diqqətdən kənar qalmayacaq.
“Caspian Oil and Gas” sərgi və konfransının ən son xəbərləri operativ surətdə www.cog.az və www.bakuenergyforum.az rəsmi veb-saytlarında yerləşdiriləcəkdir. “Baker Hughes” şirkətinin sponsor dəstəyi ilə işlənib hazırlanmış mobil telefon təyinatlı tətbiqi proqram sayəsində planetin istənilən nöqtəsində “Caspian Oil and Gas” sərgi və konfransının bütün xəbərlərini oxumaq mümkündür. Sərgi və konfransla əlaqədar bir sıra dərgi nəşr olunacaq və onların arasında sərgi iştirakçılarının ətraflı təsvirini və onların əlaqə məlumatlarını ehtiva edən rəsmi sərgi kataloqu ilə yanaşı, məruzəçilərin tərcümeyi-hallarını və iştirakçıların fəaliyyət istiqamətlərini təsvir edən konfrans materialları da var. “Nobel qardaşları və Bakı nefti. Mükafat” adlı rəsm sərgisinin qonaqlarına rəsmlərin kataloqu təqdim olunacaqdır. Həmçinin, bu il “Caspian Oil and Gas” rəsmi qəzetinin üç nömrəsi işıq üzü görəcək və bu dəfə də iştirakçı və ziyarətçiləri maraqlı reportajlarla sevindirəcəkdir. “Daily News: Caspian Oil and Gas 2015” qəzetinin sponsoru “Azeri M-I Drilling Fluids” şirkətidir.
Beləliklə, bu il sözügedən sərgi və konfrans yeni məlumat, təcrübə və ən son texnologiyaları təqdim edəcək və ölkə üçün ənənəvi olan sənaye sahələrinin inkişafına əlavə təkan verməklə yanaşı, neft-qaz sahəsində işgüzar əməkdaşlıq və peşə ünsiyyəti üçün imkanları genişləndirəcəkdir.
TƏRƏFDAŞLAR/ TƏŞKİLATÇILAR
2015-ci ildə “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilərin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi turoperator “Greenwich Travel Club” şirkətləri, o cümlədən “Jumeirah Bilgah Beach Hotel Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı) şirkəti yer alır. Konfrans və Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Bu sərgi layihələri üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edən “ITE Group” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), ITE (Moskva), ITE (Çin), “ITE Gulf” (Dubay), ITE Polşa və ITE (Malayziya) şirkətləri cəlb olunublar.