APA-Economics. Azərbaycanın Türkiyədə ən böyük aktivi olan “Petkim” neft-kimya kompleksində istehsal olunan məhsullar hazırda Türkiyə bazarının təqribən 25%-ni əhatə edir.
“APA-Economics”in məlumatına görə, bunu “Respublika” qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
Nazir bildirib ki, Azərbaycan tərəfinin həyata keçirməyi planlaşdırdığı yeni sərmayələr hesabına müəssisənin istehsal gücünü artırmaqla, bu kompleksin istehsalat ərazisində 10 mln. ton neft emalı gücünə malik olan STAR neft emalı zavodunun inşa edilərək, yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılır.
Onun sözlərinə görə, zavodun tikintisi işləri qrafikə uyğun davam etdirilir: “Kifayət qədər çətin olan 2015-ci ilin yekunlarını nəzərdən keçirərkən görürük ki, hazırda dünya ölkələrində qlobal böhranın güclənməsinə rəğmən, res publikamızın daxili potensialına əsaslanmaqla həyata keçirilən uğurlu iqtisadi siyasət dinamik inkişaf tempinin bu il də qorunub saxlanmasına şərait yaradacaqdır. Qlobal böhranın təsirləri isə ölkə iqtisadiyyatı qarşısında yeni vəzifələr müəyyənləşdirir və bir sıra perspektivlər açır”.