İyun ayının 3-də paytaxtın “JW Marriott Absheron Baku” otelində “ITE Group plc” və “Iteca Caspian” şirkətləri tərəfindən təşkil edilmiş 23-cü Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı öz işini yekunlaşdırdı. Hər il təşkil olunan və aparıcı şirkət rəhbərləri ilə yanaşı, sənaye nazirliklərinin nümayəndələrini, habelə mötəbər ekspertləri bir araya gətirən bu forum neft-qaz sənayesinin aktual mövzularının müzakirə olunduğu ənənəvi platformaya çevrilib.
Konfransda dünyanın 30 ölkəsini təmsil edən təxminən 400 nümayəndə iştirak edirdi. Konfrans çərçivəsində 40-dan artıq məruzəçi, o cümlədən dövlət strukturlarının nümayəndələri və neft-qaz bazarının nəhəng iştirakçıları enerji resurslarının hasilatı, idarə olunması və daşınması üzrə əsas məsələlərə dair hesabatlarla çıxış etdilər.
Neft qiymətlərinin aşağı olması fonunda neft-qaz sənayesinin inkişafı ilə bağlı aktual məsələlər ətrafında aparılan müzakirə və fikir mübadiləsi forumun gündəliyində duran məsələlərin vacibliyini bir daha təsdiq etmiş oldu. Avropanı enerji resursları ilə təminatında Azərbaycanın oynadığı rol mühüm müzakirə mövzusuna çevrildi və Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev öz hesabatında bu məsələyə toxundu. Bir sıra xarici nümayəndələr bu mövzunun Azərbaycanın enerji resursları bazasının genişləndirilməsi qədər əhəmiyyətli olduğunu qeyd etdilər.
Plenar sessiyalarda SOCAR, “BP”, “SAP”, “Petronas”, Bakı Ali Neft Məktəbi, “Nobel Upstream” və digər şirkətlərin nümayəndələri öz məruzələri ilə çıxış etdilər. Bu il ilk dəfə olaraq, konfransda neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması mövzusuna da toxunuldu. Konfransda aparılan geniş müzakirələr çərçivəsində Azərbaycan qlobal layihələrin reallaşdırılması üzrə öz perspektivləri və müasir prinsiplərini ifadə etdi. Azərbaycan yüksək hasilat tempi sayəsində öz enerji təhlükəsizliyini təmin edib və Avropa İttifaqının nəhəng “Cənub Qaz Dəhlizi” layihəsinin, habelə Şahdəniz yatağının işlənməsi üzrə işlərin ikinci mərhələsinin həyata keçirilməsində iştirak edir.
Beləliklə, konfransın hər iki iş günü dünya neft sənayesinin peşəkar dairələrinin marağına səbəb olub və ənənəvi olaraq, lazımı informasiyanı təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırıb.
Konfransın sponsorları arasında SOCAR, “BP”, “General Electrics”, “Snam”, “Inpex”, “McDermott”, “Caspian Geophysical”, “Dentons”, “Nobel Upstream”, “SAP”, “Schlumberger”, “Statoil”, “Total” və “GMA Petroleum” şirkətləri yer alır.