Metyu Brayza, beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü və ABŞ-nin Azərbaycandakı keçmiş səfiri
Builki enerji bayramları həqiqətən həyəcan verici anlarla üst-üstə düşür. Birincisi, Azərbaycanla Ermənistan arasında müəyyən sülh sazişi ilə bağlı çoxlu gözləntilər var. Minsk qrupunun keçmiş amerikalı həmsədri kimi başa düşürəm ki, finiş xəttini keçmək nə qədər çətindir. Ancaq yeni bir şey baş verdi. Zəngəzur dəhlizi reallığa çevrildikdə və ya çevrilərsə, bütün bölgə investisiya, iş yerlərinin yaradılması və davamlı sülhə zəmin üçün yeni imkanların şahidi olacaq. Bu, neft və qaz ixracı və hasilatında maraqlı olan bütün insanların yadda saxlamalı olduğu böyük bir hadisədir. İkincisi, Azərbaycan neft və qazdan əlavə bərpa olunan enerji mənbələrini də diqqət mərkəzində saxlayır. Düşünürəm ki, Azərbaycan təbii qazının mümkün qədər çoxunu burada, ölkədə neft-kimya və elektrik enerjisi istehsalı üçün saxlamağa, külək və günəş enerjisi qurğularından elektrik enerjisi istehsal etmək üçün istifadəyə çox ağıllı qərar verib. Belə ki, bu hazırda çox vacib bir tendensiyadır. Bu, Avropanın nəhayət Azərbaycandan qaz tədarükünün nə qədər vacib olduğuna diqqət yetirdiyi bir vaxtda baş verir. Bu, Azərbaycan üçün böyük tarixi andır.
Əminəm ki, həmişəki kimi, sərgi bu regionun enerji sektorunun bütün əsas iştirakçılarını bir araya gətirir. Bu, neft-qaz sektoru üçün hər il keçirilən ən böyük tədbirdir. Hər kəs burada, Azərbaycanda nələrin baş verdiyini bilmək istəyir. Lakin bu sərgi hər kəsə Azərbaycanın dost və etibarlı tərəfdaş olduğunu göstərmək üçün yaxşı fürsətdir. Əlbəttə, biz buraya iş üçün gəlirik, lakin insanlar bu fantastik şəhəri və Azərbaycan xalqını da görür ki, bu da ölkə üçün çox yaxşıdır.