Bakı Enerji Forumu – qlobal enerji dialoqu və regional əməkdaşlıq üçün beynəlxalq platforma
2 i̇yun 2026
0000
2 iyun tarixində Bakı Konqres Mərkəzində Baku Energy Week keçirilən 31-ci Bakı Enerji Forumu öz işini başa vurub. Forum enerji sahəsinin aparıcı nümayəndələrini, nüfuzlu beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin dövlət qurumlarının rəsmilərini, investorları, eləcə də işgüzar dairələri bir araya gətirib.
Forumda Azərbaycan, Böyük Britaniya, Macarıstan, Almaniya, Çin, Niderland, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, İsveçrə, İsveç, Estoniya, Yaponiya və digər ölkələrdən 600-dən çox nümayəndə iştirak edib. Tədbirin proqramına 60-a yaxın natiq daxil edilib. Yüzlərlə nümayəndə dayanıqlı və şaxələndirilmiş enerjinin gələcəyini, enerji transformasiyasını və gələcək strategiyaları, yaşıl enerji sahəsində genişləndirilə bilən layihələri və ixrac perspektivlərini, həmçinin sənayenin digər aktual məsələlərini müzakirə ediblər.
1 iyun tarixində İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin enerji nazirlərinin görüşü keçirilib. Bakı Enerji Forumunun ilk günü Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə "Dayanıqlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" mövzusunda nazirlərin plenar sessiyası ilə əlamətdar olub.
Forum çərçivəsində "Liderlərin dialoqu: Liderlər enerji keçidi və gələcək strategiyalar haqqında" mövzusunda sessiya keçirilib və bu sessiyanın əsas məruzəçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf olub.
Tədbirin proqramında yüksək səviyyəli görüşlər, layihələrin təqdimatları, xüsusi sessiyalar və paralel forumlar nəzərdə tutulub. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) regiondakı layihələrin maliyyələşdirilməsini müzakirə etmək üçün İnvestisiya Forumu təşkil edib. Həmçinin "Mərkəzi Asiyada bərpa olunan enerji mənbələri (BEM) əsasında enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu" mövzusunda sessiya və potensialın artırılması məsələlərinə həsr olunmuş müzakirələr aparılıb.
İkinci gün isə bu mövzularda panel sessiyaları keçirilib: "Liderlərin dialoqu: liderlər enerji keçidi və gələcək strategiyalar haqqında", "Enerji səmərəliliyi və ESCO üçün investisiya platforması: qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə birləşdirilməsi", "Qaz sessiyası: bazarlar, marşrutlar, geopolitika", "Təmiz enerji sahəsində innovasiyalar və regional əməkdaşlıq: dayanıqlı gələcək üçün həllərin genişləndirilməsi", "Enerji mütənasibliyi: yaşıl enerjidən regional inteqrasiyaya doğru", "Enerjinin gələcəyi: data mərkəzləri, hidrogen və kiçik modulyar reaktorlar (SMR)", eləcə də müxtəlif digər mövzularda müzakirələr aparılıb.
Bununla yanaşı, forum çərçivəsində Azərbaycan Respublikası Energetika Nazirliyinin "Enerji səmərəliliyi və ESCO üçün investisiya platforması: qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə birləşdirilməsi" mövzusunda sessiyası, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin "Təmiz enerji sahəsində innovasiyalar və regional əməkdaşlıq: dayanıqlı gələcək üçün həllərin genişləndirilməsi" mövzusunda sessiyası baş tutub.
Forumun çoxsaylı xarici iştirakçıları onun əhəmiyyətini vurğulayaraq, tədbiri Baku Energy Week çərçivəsində strateji dialoq üçün yüksək səviyyəli platforma kimi xarakterizə edib və Azərbaycanın etibarlı qlobal tərəfdaş kimi artan rolunu qeyd ediblər. Beləliklə, 31-ci Bakı Enerji Forumu enerji məsələlərinə dair konstruktiv və balanslaşdırılmış müzakirələrin aparılması üçün regionun əsas mərkəzlərindən biri rolunu uğurla oynayıb.
Bakı Enerji Forumu çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilib. Tədbirin iştirakçıları, tərəfdaşları və sponsorları arasında «ABB», «Acwa», «AZEL Systems LLC», «Baku Steel Company», «bp», «ExxonMobil», «XRG», «Gap İnşaat», «GL», «Gran Tierra Energy», «Inpex», «INTI», «KPMG», «Kolin İnşaat», «Masdar», «MOL Group», «SLB», «Umid Babek Operating Company (UBOC)», «TotalEnergies» və «Türkiye Petrolleri AO» kimi dünyanın aparıcı şirkətləri yer alıb.
Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyinin dəstəyi ilə keçirilib, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə tədbirin baş tərəfdaşı qismində çıxış edib. Baku Energy Week-in təşkilatçıları Iteca Caspian şirkəti və onun beynəlxalq tərəfdaşları ICA Events və CEM FZ LLC (Caspian Event Management FZ-LLC) şirkətləridir. Tədbirə həmçinin Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən də dəstək göstərilib.