İyunun 5-də Bakı Konqres Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumu işə başlayıb.
Forumu giriş sözü ilə açan Böyük Britaniyanın “ICA Events Group” şirkətinin Direktorlar Şurasının məsləhətçisi Stiven Murtay bu tədbirin Prezident İlham Əliyevin açılış günündə etdiyi mühüm çıxış ilə yadda qalan Bakı Enerji Həftəsinin işindən müsbət təəssüratlarla səciyyələndiyini qeyd edib. Cənab Murtay tədbirin təşkilatçılarına və sponsorlarına, eləcə də Azərbaycanın energetika naziri Pərviz Şahbazova minnətdarlığını bildirib.
Ceymstaun Fondunun Direktorlar Şurasının üzvü, moderator Metyu Brayza Bakı Enerji Həftəsinin miqyasını vurğulayıb və Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçid prosesində, habelə atmosferə atılan zərərli emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasında rolunu qeyd edib.
Plenar iclas enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsi üzrə beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunub. Forumda Azərbaycanın energetika naziri Pərviz Şahbazov əsas məruzə ilə çıxış edib.
Məruzəçi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanan məşhur “Əsrin müqaviləsi”nin tarixinə qısa ekskursiya edib. “Azərbaycanın məqsədi 30 il əvvəl olduğu kimi enerji təhlükəsizliyini təmin etməkdir. Azərbaycanda və Xəzər dənizində bərpa olunan enerji mənbələrinin böyük potensialı buna kömək edir”, - cənab nazir deyib.
Nazir ölkəmizdə “yaşıl enerji” bayrağı altında görülən böyük işlər haqqında ətraflı söhbət açıb, ötən gün dövlət başçısının iştirakı ilə 2000 MVt gücündə qurğuların istifadəyə verildiyini diqqətə çatdırıb. Bunu ölkənin təmiz enerji mənbələrinə keçidinin aktiv mərhələsi də adlandırmaq olar. Bu hadisə, sözsüz ki, payızda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üçün layiqli faktdır.
Məruzəçi Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri, Avropaya tədarükün artırılması təşəbbüslərini qeyd edib. Onun sözlərinə görə, Avropaya nəql edilən təbii qazın həcminin bu il 12 milyard kubmetrə, gələcəkdə isə 24 milyard kubmetrə çatdırılması gözlənilir.
Bu baxımdan, Prezident Əliyevin ənənəvi və bərpa olunan enerji mənbələri arasında sinerjinin (iki və ya daha çox amilin qarşılıqlı gücləndirici təsirinin) yaradılması təşəbbüslərini xüsusi qeyd etmək lazımdır. Nazir Azərbaycanda milyardlarla kVt enerji istehsalını təmin edəcək, yüz milyonlarla kubmetr qaza qənaət etməyə və atmosferə atılan tullantıları əhəmiyyətli dərəcədə azaltmağa imkan verən çox böyük “yaşıl enerji” obyektlərinin tikintisini misal göstərib.
Məruzəçi Bakı Enerji Həftəsinin əlamətdar hadisə ilə üst-üstə düşdüyünü və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl Dünya Uğrunda Həmrəylik İli" elan edildiyini xatırladıb. Bu, “yaşıl ekologiya” naminə mübarizə üçün uzunmüddətli planların genişləndirilməsindən və “yaşıl dünya”nın ümumi şəbəkəsinə inteqrasiyadan xəbər verir.
Sonda cənab Şahbazov qeyd edib ki, enerji mənbələrinin şaxələndirilməsi Azərbaycanı enerji dəhlizləri və atmosferə atılan tullantıların həcmini sıfıra endirməyə imkan verən müasir enerji sistemlərinin yaradılması ilə bağlı qlobal təşəbbüslərin ön sıralarına çıxarır.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bir çox risklərə səbəb olan müasir dünya münaqişələri ilə bağlı narahatlığını ifadə edib. Düşmən bloklar arasında yerləşən Macarıstanın acı təcrübəsini xatırladan məruzəçi bu baxımdan enerji təchizatının təhlükəsizliyi məsələlərinin xüsusi aktuallıq qazandığını vurğulayıb. Beləliklə, bir çox ölkələr üçün ən mühüm vəzifələrdən biri enerji təchizatını siyasi və ideoloji məsələ kimi deyil, yalnız fiziki və iqtisadi məsələ kimi nəzərdən keçirilməsinə nail olmaqdır.
Nazir Macarıstanın beynəlxalq əməkdaşlığı gücləndirmək və möhkəmləndirmək naminə istənilən siyasi mübahisələri rədd etmək və süni maneələri aradan qaldırmaq səylərini dəstəkləməyə çağırıb. Cənab Siyarto qeyd edib ki, nüvə enerjisi təchizatında hər hansı risklərin və ayrı-seçkiliyin qarşısını almaq da çox vacibdir.
Məruzəçinin sözlərinə görə, qaz təchizatının uğurlu şaxələndirilməsi boru kəmərlərinin və Avropa magistrallarının potensialının artırılması ilə bağlıdır ki, bu da Türkiyədən və Azərbaycandan daha çox qaz nəql etməyə imkan verəcək.
Avropa Komissiyası Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə Baş Direktoru Kristina Lobillo Forumun gözəl təşkilinə görə təşəkkürünü bildirib və Azərbaycanla ilk nəqliyyat magistrallarının tikintisi ilə başlayan strateji tərəfdaşlıqdan bəhs edib.
Hazırda Avropada enerji təchizatının təhlükəsizliyi ilə bağlı mövcud böhrana və qiymət artımına toxunan xanım Lobillo Azərbaycanın tədarüklərin şaxələndirilməsinin parlaq nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, bu baxımdan Avropa İttifaqının qaz təchizatında körpünün yaradılmasının mühüm rol oynadığını xüsusilə vurğulamaq lazımdır.
Sonda məruzəçi “yaşıl enerji”yə keçid, bərpa olunan enerji mənbələrinin miqyası və səmərəliliyi baxımından Azərbaycan ilə əməkdaşlığın vacibliyini qeyd edib.
Sloveniya Respublikası ətraf mühit, iqlim və energetika nazirinin müavini Tina Sersen Azərbaycanın Sloveniya üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. Təchizat təhlükəsizliyi və qiymətlərin rəqabətqabiliyyətliliyi məsələlərinə toxunan xanım Sersen şaxələndirmə problemlərindən danışarkən təchizat baxımından Rusiyadan uzun illər asılı olduqlarını qeyd edib. Yeni tərəfdaşlar axtarışı bizi Avropa İttifaqı ilə fəal tərəfdaşlıq quran Azərbaycana gətirib çıxardı.
Məruzəçi təmsil etdiyi dövlətin enerji təchizatı sahəsində beynəlxalq əməkdaşlıqda iştirak etməyə hazır olduğunu bildirib.
“Çox şadam ki, Azərbaycan COP 29-a sədrlik və ev sahibliyi edəcək. Sloveniya COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır. Biz həmçinin “ağıllı” şəbəkələrin tətbiqi, müasir texnologiyaların işlənib hazırlanması və günəş batareyaları üçün komponentlərin istehsalı kimi bir çox sahələrdə birgə işləməyə hazırıq”, - nazir müavini fikrini tamamlayıb.
Nazir Şahbazovun çıxışını yüksək qiymətləndirən xanım Sersen Azərbaycan ilə perspektivli tərəfdaşlığın qurulması və möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.
Bakı Enerji Forumu enerji sektorunda aparıcı oyunçularının, alimlərin və sənaye mütəxəssislərinin diqqətini cəlb edən mühüm regional tədbirdir. Tədbir 600-dən çox nümayəndəni bir araya gətirdi. Forumun gündəliyinə həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri daxildir.
Bu ilki tədbirdə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşdırma”, “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular müzakirə olunacaqdır.
COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub.
Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” prinsipinə sadiq qalaraq, 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.
Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində “MiniBoss” məktəbinin tələbələrinin “Ecoleaf” adlı startapı nümayiş olunacaq. Startapın ideyası başlıq hissəsində toxum olan qələmlər və tərkibində bitki toxumu olan qeyd dəftərləridir. Forumda iştirak edən nümayəndələrə də bu ekoloji təmiz məhsullar təqdim olunacaq.
Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir