Bakı Enerji Forumu: enerji transformasiyası və gələcəyin strategiyası
1 i̇yun 2026
0000
İyunun 1-də Bakı Konqres Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən və enerji məsələləri üzrə strateji dialoq üçün aparıcı beynəlxalq platforma hesab olunan Bakı Enerji Forumu öz işinə başlayıb.
Forum hər il enerji sektorunun aparıcı nümayəndələrini, nüfuzlu beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların təmsilçilərini, müxtəlif ölkələrin dövlət qurumlarının nümayəndələrini, investorları və işgüzar dairələri bir araya gətirərək qlobal enerji bazarının inkişaf perspektivlərinin müzakirəsi üçün mühüm imkan yaradır.
2026-cı ildə Forumun gündəliyi dayanıqlı və şaxələndirilmiş enerji sisteminin gələcəyi, enerji transformasiyası və uzunmüddətli inkişaf strategiyaları, yaşıl enerji sahəsində genişmiqyaslı layihələr və onların ixrac potensialı, eləcə də sənayenin digər aktual məsələləri daxil olmaqla geniş mövzular spektrini əhatə edir.
Forumun beynəlxalq nüfuzu və strateji əhəmiyyəti yüksək vəzifəli rəsmilərin və aparıcı beynəlxalq enerji təşkilatlarının rəhbərlərinin ünvanladıqları təbrik müraciətlərində də öz əksini tapıb. OPEC-in Baş katibi Haysam Əl-Qays “Baku Energy Week 2026” iştirakçılarına göndərdiyi müraciətdə Bakı Enerji Forumunun mühüm rolunu xüsusi vurğulayıb.
Bakı Enerji Forumunda Azərbaycanla yanaşı, Böyük Britaniya, Macarıstan, Almaniya, Çin, Niderland, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, İsveçrə, İsveç, Estoniya, Yaponiya və digər ölkələrdən 600-dən çox nümayəndə iştirak edir.
Forumun açılış mərasimində ICA Events Group-un Direktorlar Şurasının müşaviri Tomas Herd iştirakçıları salamlayaraq açılış nitqi ilə çıxış edib.
Tədbirin proqramında 60-a yaxın spiker yer alıb. Forumun ilk günündə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyası keçirilir. Bununla yanaşı, forum çərçivəsində “Liderlərin Dialoqu” sessiyası təşkil olunur və əsas məruzə ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf çıxış edir.
Məruzəçilər arasında Ukraynanın birinci baş nazir müavini və energetika naziri Denis Şmıqal, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov, Qırğız Respublikasının energetika naziri Taalaybek İbrayev, Misir Ərəb Respublikasının neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi, Banqladeş Xalq Respublikasının energetika və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud və digər yüksək səviyyəli rəsmilər yer alırlar.
Forumun gündəliyi olduqca zəngin və çoxşaxəlidir. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və paralel forumlar keçirilir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) regionda layihələrin maliyyələşdirilməsi məsələlərinin müzakirəsi üçün əsas platformalardan biri hesab olunan İnvestisiya Forumunu təşkil edir.
Tədbirin iştirakçıları, tərəfdaşları və sponsorları sırasında “ABB”, “Acwa”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, “INTI”, “KPMG”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “SLB”, “Umid Babek Operating Company (UBOC)”, “TotalEnergies” və “Türkiye Petrolleri AO” kimi dünyanın aparıcı şirkətləri yer alır.
Bakı Enerji Forumu Azərbaycan Respublikasının Energetika Nazirliyinin dəstəyi ilə keçirilir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə tədbirin baş tərəfdaşı qismində çıxış edir. “Baku Energy Week”in təşkilatçıları “Iteca Caspian” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “CEM FZ LLC Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbirə həmçinin Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) dəstək göstərir.