Bakı Enerji Forumu müasir dövrün ən vacib mövzularını əhatə etdi

Bakı Enerji Forumu müasir dövrün ən vacib mövzularını əhatə etdi

4 i̇yun 2025 0000
İyunun 4-də Bakı Konqres Mərkəzində “Baku Energy Week” çərçivəsində keçirilən Bakı Enerji Forumu işini uğurla tamamladı. Bu tədbir regionun enerji sahəsindəki ən önəmli forumlarından biri olmaqla, hər il dünya enerji liderlərini bir araya gətirir.
 
30-cu yubileyini qeyd edən Bakı Enerji Forumu dünya enerji sektorunun aparıcı nümayəndələri arasında strateji dialoq üçün mühüm platformaya çevrilib. Yarandığı gündən bəri forum beynəlxalq əlaqələrin gücləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və enerji sektorunun inkişafına böyük təsir göstərən sazişlərin imzalanması üçün əsas məkandır. Bu təsir yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına töhfə verir.
 
Forumun plenar sessiyası “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusuna həsr olunub və Azərbaycan Energetika Naziri Pərviz Şahbazovun sədrlik etdiyi sessiyada SOCAR prezidenti Rövşən Nəcəf əsas məruzəçi qismində çıxış etdi. O, “Liderlərin dialoqu: davamlı enerji ekosisteminə aparan yol” mövzusunda dəyərli fikirlərini bölüşdü.
 
Bu il forum geniş spektrdə mövzuları əhatə etdi. Energetikada rəqəmsallaşma və məlumat texnologiyalarının tətbiqindən başlayaraq, geoloji kəşfiyyatda innovasiyaların rolu, yataqların işlənməsində effektivliyin artırılması, COP29 sonrası davamlı enerji strategiyaları, Xəzər regionunun bərpa olunan enerji potensialı, qaz bazarlarında istehsalçı, daşıyıcı və istehlakçılar arasında yeni qarşılıqlı əlaqə strukturları, eləcə də etibarlı infrastruktur vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi kimi mühüm mövzular müzakirə edildi.
 
Forumda qlobal biznes sahəsində tanınan ekspert, İsveçli iqtisadçı və futurist Kjell A. Nordström də iştirak etdi. O, ilk dəfə olaraq Azərbaycanda çıxış edib, qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının dəyişimi və sektorda oyunun qaydalarını dəyişən innovasiyalar haqqında baxışlarını bölüşüb.
 
Ənənəvi olaraq, forum çərçivəsində yerli və xarici şirkətlərin nümayəndələrinin gələcək əməkdaşlıq və tərəfdaşlıq imkanlarını müzakirə etdiyi B2B və B2G formatlı işgüzar görüşlər keçirildi.
 
Bakı Enerji Forumu Azərbaycan Respublikasının Energetika Nazirliyinin dəstəyi ilə təşkil olunub, tədbirin baş tərəfdaşı isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Baku Energy Forum” eyni zamanda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Haysam əl-Qays forum iştirakçılarına ünvanladığı müraciətdə bu platformanın dünya enerji sektorunda dialoq və əməkdaşlıq üçün əvəzsiz bir məkan olduğunu vurğulayıb.
 
“Baku Energy Week”in təşkilatçıları “Iteca Caspian” şirkəti və onun beynəlxalq tərəfdaşları “ICA Events” və “CEM FZ LLC” şirkətləridir.

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN