Bakı Enerji Forumu: qlobal energetika sahəsi liderlərinin strateji dialoqu

Bakı Enerji Forumu: qlobal energetika sahəsi liderlərinin strateji dialoqu

3 i̇yun 2025 0000
İyun ayının 3-də Bakı Konqres Mərkəzində 30-cu Yubiley Bakı Enerji Forumu işə başlayıb. Tədbir Xəzəryanı regionun əsas sənaye hadisələrindən biri olan və hər il dünya enerji liderlərini bir araya gətirən “Baku Energy Week” çərçivəsində keçirilir. Bu il “Baku Energy Week” üç mühüm tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 13-cü Xəzər Beynəlxalq “Energetika və Yaşıl Enerji” sərgisi və 30-cu Yubiley Bakı Enerji Forumu.

Forum energetika sahəsinin əsas nümayəndələri arasında strateji dialoq üçün ənənəvi platformadır.

“Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda keçirilən nazirlər səviyyəsində plenar sessiyanın moderatoru Jamestown Foundation İdarə Heyətinin üzvü Metyu Brayza olub.

Forumun açılış mərasimində çıxış edən ICA Events Group Şurasının müşaviri Tomas Hörd, tədbirin beynəlxalq əhəmiyyətini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Foruma göstərdiyi daimi diqqəti vurğulayıb. O, tədbirin sponsorlarına təşəkkürünü bildirib və iştirakçıları Enerji Forumunun 30 illik yubileyi münasibətilə təbrik edib.

Forumun sədri və əsas məruzəçisi qismində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov çıxış edib. O, məruzəsində BTC və BTE boru kəmərlərinin Avropaya neft ixracında oynadığı mühüm rolu qeyd edib. Enerji infrastrukturunun inkişafı məsələsinə toxunan nazir bildirib ki, Azərbaycan qaz yataqlarının işlənməsi üzrə yeni – beş layihəni əhatə edən bir mərhələyə qədəm qoyur. Qeyd olunub ki, alternativ enerji mənbələri mövcud olan ənənəvi mənbələri əvəz etmir, əksinə onları tamamlayır. Bu yanaşma enerji sektorunda yalnız mənbə üzrə deyil, növ baxımından da diversifikasiyanı genişləndirməyə imkan verir.

Gələcək planlara gəlincə, Azərbaycanın enerji qurumları iki yeni günəş elektrik stansiyasının inşasını, Naxçıvan, Zəngəzur və digər bölgələr vasitəsilə enerji əlaqələrinin qurulmasını, həmçinin optik-fiber xətlər üzərindən məlumat ötürülməsinin təşkilini nəzərdə tutur.

Forumun ilk panelində çıxış edənlər arasında Pakistan İslam Respublikasının energetika federal naziri Ali Pervaiz Malik, Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriatu Luís Soares Kassama, Somali Federativ Respublikasının energetika və su ehtiyatları naziri Abdullahi Bidhaan Varsame, Çex Respublikasının milli təhlükəsizlik üzrə məsləhətçisi Tomas Pojar və Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin – Enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero yer alıb.

Spikerlər qlobal enerji təhlükəsizliyinin təmin olunması üçün əməkdaşlıq və tərəfdaşlığın yeni modelləri, neft və qazın kəşfiyyatı və hasilatında sərhədlərarası tərəfdaşlıqların möhkəmləndirilməsi, ortaq sosial çağırışların həlli məqsədilə beynəlxalq enerji alyanslarının yaradılması, enerji təchizat zəncirlərinin dayanıqlığının artırılması üçün əməkdaşlıq mexanizmlərinin inkişafı kimi bir sıra mühüm məsələləri müzakirə ediblər.
Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Əhməd Berat Çonkar, bərpa olunan enerji mənbələrinə investisiyaların əhəmiyyətini vurğulayaraq, müasir qlobal layihələrin dünyada enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu qeyd edib. O, TANAP, BTC, Eskişehir və NAKES Turkey layihələrini regional əməkdaşlığın uğurlu nümunəsi kimi göstərib. Türkiyənin Somali ilə birgə neft kəşfiyyatı fəaliyyətlərində iştirakı və bununla bağlı razılaşmanın hər iki ölkənin parlamentlərində müzakirə olunacağı və qarşılıqlı fayda verəcəyi vurğulanıb.
Somali Federativ Respublikasının energetika və su ehtiyatları naziri Abdullahi Bidhaan Varsame isə Türkiyəli həmkarının çıxışına əlavə edərək, ölkəsində elektrik enerjisinə çıxışın genişləndirilməsi məqsədilə həyata keçirilən islahatlar və tikilməkdə olan günəş enerjisi stansiyası barədə məlumat verib.

Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriatu Luís Soares Kassama bildirib ki, hazırda əsas prioritetlərdən biri idxal olunan qaz və neft məhsullarından asılılığın azaldılmasıdır. Nazir qlobal enerji təhlükəsizliyi naminə daha güclü beynəlxalq tərəfdaşlıqlara ehtiyac olduğunu qeyd edib.

Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin – Enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu vurğulayıb. Avropa İttifaqının yanacaq idxalına dair statistik məlumatlar təqdim edib, COP29 beynəlxalq konfransının əhəmiyyətini yada salaraq qlobal nəqliyyat və logistika zəncirlərində şəffaflığın vacibliyini qeyd edib.

Çex Respublikasının milli təhlükəsizlik üzrə məsləhətçisi Tomas Pojar isə neft, qaz, kömür və nüvə yanacağı kimi strateji resursların transmilli tədarükü məsələsini gündəmə gətirərək, enerji təchizatının təhlükəsizliyini milli səviyyədə strateji məsələ kimi qiymətləndirib. O qeyd edib ki, Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsünün rolu böyükdür və Çexiya Azərbaycan neftinin ikinci ən böyük idxalçısıdır.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.  Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir.

Forum Azərbaycan Respublikasının enerji siyasətinin strateji prioritetlərinin və Xəzər regionunun yaşıl enerji potensialının beynəlxalq ictimaiyyətə təqdim olunması üçün əsas platforma rolunu oynayır.

Forum çərçivəsində planlaşdırılmış müzakirələr energetika sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, eləcə də dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.


“Baku Energy Forum”-da Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun sədrliyi ilə “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiyanın keçiriləcək. Forum çərçivəsində baş tutacaq “Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf olacaq.

Ətraf mühit problemləri, onların planet üçün yaratdığı təhdidlər, bu problemlərin həlli yolları, eləcə də yaşıl enerji ilə bağlı mövzular “Baku Energy Forum” tədbirlər proqramında xüsusi yer tutur. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların yaranmasının qarşısını almağa yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” layihəsi həyata keçirilir. Forumun keçirildiyi Bakı Konqres Mərkəzi də ekoloji konsepsiyaya uyğun inşa edilib. Məsələn, mərkəzin damında quraşdırılmış günəş panelləri sayəsində elektrik enerjisinə qənaət etmək mümkün olur.

Forum gələcəyi formalaşdıran ideyalarla tanış olmaq üçün unikal bir imkandır. Təşkilatçıların dəvəti ilə 30-cu Yubiley Bakı Enerji Forumunda qlobal biznes üzrə dünyaca tanınmış ekspert, isveçli iqtisadçı, futurist və beynəlxalq bestsellerlərin müəllifi Kjell A. Nordström iştirak edəcək.

“Baku Energy Week”in təşkilatçıları “Iteca Caspian” şirkəti və onun beynəlxalq tərəfdaşları — “ICA Events” və “CEM FZ LLC” şirkətləridir.

“Baku Energy Week” həmçinin Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanına malikdir. Bu nişan tədbirin yüksək təşkilati səviyyəsini və təqdim olunan statistikanın etibarlılığını təsdiqləyir.

 

FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN