Kristina Lobiyo Borrero, Avropa Komissiyasının (EC) Enerji Siyasəti, Strategiya və Koordinasiya üzrə direktoru
İlk növbədə forumun əla şəkildə təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Düşünürəm ki, tədbir əla təşkil olunub! Sərgini də ziyarət edə bildim. Pavilyonların gözəl infrastrukturunu, eləcə də Azərbaycan Prezidentini dinləmək şərəfinə nail olduğumuz möhtəşəm açılış mərasimini də qeyd etmək istərdim.
EC üçün davam edən forum böyük əhəmiyyət kəsb edir, çünki hazırda biz enerji mənbələrimizi şaxələndirmək istəyirik və Azərbaycan bu məsələdə əsas tərəfdaşlardan biridir.
Biz Cənub Dəhlizinin genişləndirilməsində çox maraqlıyıq. Forum sadalanan vəzifələri müzakirə etmək üçün yaxşı imkan yaradır, lakin sadəcə bu məsələlərlə məhdudlaşmır. Biz Azərbaycanla bir çox mühüm sahələrdə, o cümlədən qaz, elektrik enerjisi, enerji səmərəliliyi və s. kimi sahələrdə əməkdaşlıq edirik.
Forum həm də sənaye mütəxəssislərinin görüşməsi üçün əlverişli platformaya çevrilib, bu çox vacibdir, çünki enerji sektoru hazırda bütün dünyada çətin dövrlərdən keçir. İndiki vəziyyətdə biz daha etibarlı enerji təchizatına keçid etməliyik. Hesab edirəm ki, bu baxımdan bu tədbir son dərəcə mühüm mövzuları müzakirə etmək üçün yaxşı fürsətdir.