İlk növbədə bildirim ki, Bakı Enerji Həftəsində ilk dəfə deyil ki, iştirak edirəm. Düşünürəm ki, bu format hökumət nümayəndələri və özəl sektorun maraqlı tərəfləri ilə görüşməyə və ünsiyyətdə olmağa imkan verir. Buna görə də, burada 2 gün vaxt keçirməklə həm əsas nailiyyətləri təqdim etməyə, həm də başqalarını dinləməyə və öyrənməyə, habelə vaxtdan səmərəli istifadə etməyə şərait yaradan ikitərəfli görüşlər keçirməyə dəyər. Beləliklə, regionda bu cür konfransların və Forumun keçirilməsi xüsusilə aktualdır.
Enerji keçidi artıq baş verir və inkişaf edir, lakin onun sürəti və miqyası Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tələb olunan səviyyədə deyil. Demək olar ki, hər yerdə çatdırmaq istədiyim əsas ismarış bundan ibarətdir.
Bu Forumun əhəmiyyəti ondan ibarətdir ki, onun sayəsində BƏƏ ilə 1 GVt gücündə bərpa olunan enerji istehsalı üzrə yeni müqavilənin imzalanması, həmçinin Azərbaycan hökumətinin enerji sistemində bərpa olunan mənbələrinin payını artırmaq üçün qarşıya qoyduğu hədəflər barədə öyrəndik. Beləliklə, bu tədbir insanların yeni öhdəliklərlə çıxış etməsi baxımından yaxşı fürsətdir. Bu, xüsusilə də COP29-a sədrlik edəcək Azərbaycan üçün əhəmiyyətlidir. Hesab edirəm ki, onların da bərpa olunan enerji istiqamətində daha sürətli irəliləmək niyyətini ifadə etmələri vacibdir.
Bu cür forumlar istər-istəməz öz töhfəsini verir – biz yeni təcrübəyə əsaslanaraq tempi saxlamalı və yolumuza davam etməliyik. Ötənilki Forum çox yaxşı səviyyədə keçdi, builki tədbir isə xüsusidir. Bu, bir-birini dinləmək və əməkdaşlıq yollarını tapmaq üçün təkcə iclas otaqlarında deyil, həm də onlardan kənarda ikitərəfli görüşlər zamanı fikir mübadiləsi aparmaq baxımından yaxşı fürsətdir.
Françesko La Kamera
Baş direktor
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA)