Forumun yekunları: Azərbaycan qlobal “yaşıl dünya”ya keçid arenasında fəal şəkildə özünü təsdiq edir

Forumun yekunları: Azərbaycan qlobal “yaşıl dünya”ya keçid arenasında fəal şəkildə özünü təsdiq edir

7 i̇yun 2024 0000

Ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilən Bakı Enerji Həftəsi (“Baku Energy Week”) çərçivəsində baş tutan ikigünlük Bakı Enerji Forumu iyunun 6-da işinə yekun vurub. Azərbaycan Respublikasının Energetika Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Enerji Forumunun əsas tərəfdaşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidir (SOCAR). Forumun təşkilinə ilk dəfə olaraq OPEC də dəstək verib.

Ətraf mühit problemlərinin və onların Yer planeti üçün yaratdığı təhlükələrin, habelə onların qarşısının alınması yollarının, həmçinin “yaşıl enerji” və enerji mənbələrinin şaxələndirilməsi kimi mövzuların müzakirə edildiyi tədbir 600-dən çox şəxs iştirak edib.

Plenar iclas enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsi üzrə beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunub. Əsas məruzə ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edib.

Çıxış edənlər arasında Ceymstaun Fondunun Direktorlar Şurasının üzvü Metyu Brayza, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Avropa Komissiyası Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin Enerji üzrə Baş Direktoru Kristina Lobillo, beynəlxalq təşkilatların nümayəndələri, departament rəhbərləri və bu sahənin mütəxəssisləri də olub.

Panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" kimi mövzular müzakirə edilib.

Məruzələr üzrə əsas müzakirələr enerji təhlükəsizliyi layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi, enerji keçidi və “yaşıl enerji” ilə bağlı olub. Çıxış edənlərin əksəriyyəti Azərbaycanın qaz tədarükünün şaxələndirilməsində, Avrasiya enerji körpüsünün yaradılmasında və noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığın uğurla aparılmasında əsas rolunu vurğulayıblar.

Bakı Enerji Həftəsinin təşkilatçısı “Iteca Caspian”, “Caspian Event Oraganisers” şirkətləri və onların beynəlxalq tərəfdaşları – “ICA Events”, CEM FZ LLC şirkətləridir. Ötən il olduğu kimi, 2024-cü ildə də Bakı Enerji Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal şəkildə dəstəklənib.


FORUMA QALIB:

GÜN

SAAT

DƏQ

SAN