Ramin Qazı-zadə, Bakı Konqres Mərkəzinin Direktoru
Bu gün Bakı Konqres Mərkəzi miqyasına və texnoloji təchizatına görə regionun aparıcı tədbirlərinin keçirildiyi məkanlardan biridir. Mərkəzin fərqləndirici xüsusiyyətləri hansılardır?
Tanınmış Avstriya memarlıq bürosu "Coop Himmelb(l)au" tərəfindən layihələndirilmiş Bakı Konqres Mərkəzi Azərbaycan paytaxtının mühüm ticarət limanı, sənaye və turizm şəhəri kimi perspektivli gələcəyini əks etdirir.
Müxtəlif miqyaslı və formatlı beynəlxalq və milli tədbirlərin aparıcı məkanlarından biri olan mərkəz yüksək səviyyəli imkanlar və fərqli atmosferin unikal birləşməsini təklif edir.
Fərqləndirici xüsusiyyətləri arasında müasir işıq və səs sistemləri, rahat quraşdırılmış tərcümə kabinələri və yüksək keyfiyyətli LED divar ilə təchiz olunmuş 3500 nəfərlik əsas auditoriya zalı var. Fırlanan oturacaqların xüsusi konfiqurasiya sistemi zalı həqiqətən fərqləndirir və eyni zamanda kamera amfiteatrından banket zalına kimi müxtəlif miqyaslarda müxtəlif tədbirlərə ev sahibliyi etmək üçün rahatlığı təmin edir.
Binanın tam mərkəzində yerləşən auditoriya zalı, ümumi tutumu 2500 oturacaq olan 17 peşəkar dizaynlı konfrans salonu arasındadır. Müasir şərait və açılan səs keçirməyən divarlarla təchiz olunmuş bu zallar daha geniş məkanlara birləşdirilə bilər.
Mərkəzin binasında ən böyük daxili monitorlardan biri (405 kv.m) yerləşir və nahar və ya təntənəli şam yeməyi üçün xüsusi atmosfer yaradan xüsusi dizayn edilmiş möhtəşəm restoran sahəsi ilə əhatə olunmuşdur.
Bu imkanlar və yeniliklər birlikdə Bakı Konqres Mərkəzini sərgilər, sammitlər, işgüzar görüşlər və irimiqyaslı konfranslar daxil olmaqla hər cür tədbirin keçirilməsi üçün ideal məkana çevirir.
Konqres Mərkəzi tədbir təşkilatçılarına və iştirakçılarına hansı unikal xidmətləri təklif edir?
Bakı Konqres Mərkəzi həqiqətən peşəkarlıq və innovasiya mərkəzidir. Əsas məqsədimiz tədbir təşkilatçılarına ən qabaqcıl imkanlarımız və müasir məkanımız vasitəsilə peşəkar dəstək göstərməkdir. Mərkəz ən son texnika və ləzzətli yemək təcrübəsini təmin edən imkanlarla tam təchiz olunmuş mətbəxi təklif edir. Çoxfunksiyalı zallarımız beynəlxalq konfranslar, seminarlar və təntənəli tədbirlər üçün universal məkandır. Bakı Konqres Mərkəzi tədbirlərin ən yaxşı təşkili və keçirilməsi üçün qabaqcıl həllər və avadanlıqları təklif edir.
Bundan əlavə, təşkilatçıların, natiqlərin və VIP qonaqların tədbirlərdən əvvəl və tədbir zamanı hazırlaşa və istirahət edə biləcəkləri 70 ofis otağını təqdim edirik. Bizim xüsusi komandamız tədbirlərin qüsursuz keçirilməsini təmin etməyə yönəlmişdir ki, bu da Bakı Konqres Mərkəzini Azərbaycanın ən yaxşı tədbir məkanına çevirir.
Konqres Mərkəzində təşkil olunan ən əhəmiyyətli işgüzar və əyləncəli tədbirlərdən hansını qeyd edə bilərsiniz? Bu tədbirlərin arasında Bakı Enerji Həftəsi necə yer tutur?
Bakı Konqres Mərkəzi hər il böyük dövlət əhəmiyyətli müxtəlif işgüzar və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Onların arasında Mərkəzin ev sahibliyi etdiyi aşağıdakı tədbirləri xüsusi qeyd etmək istərdim: Qoşulmama Hərəkatının Sammiti, Dünya dini liderlərinin zirvə görüşü, Asiya İnkişaf Bankının 48-ci illik toplantısı, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası və digərləri.
Bundan əlavə, tezliklə Bakı Enerji Forumu, YUNESKO-nun MINEPS VII Ümumdünya İdman konfransı, FİDE Dünya Kubokunun açılış mərasimi, 74-сü Beynəlxalq Astronavtika Konqresi və tezliklə elan ediləcək bir çox başqa tədbirlərə ev sahibliyi edəcəyik.
Bakı Enerji Həftəsi Bakı Konqres Mərkəzində keçirilən tədbirlər arasında əhəmiyyətli yer tutur. Enerji sektoru və enerji həllərinə həsr olunmuş beynəlxalq tədbirə həftə ərzində sənaye liderləri, ekspertlər və dövlət və kommersiya təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən konfranslar, sərgilər, forumlar və digər tədbirlər daxildir. Bu tədbir enerji sektorunda bilik mübadiləsi, yeni texnologiyaların və həllərin nümayişi, innovasiya və əməkdaşlığın təşviqi üçün platforma rolunu oynayır. Bakı Enerji Həftəsi dünyanın hər yerindən diqqəti və marağı cəlb edir və bütün enerji sənayesində ən mühüm tədbir hesab olunur.
Bakı Enerji Həftəsi çərçivəsində təşkil edilən Bakı Enerji Forumu artıq uzun illərdir ki, Bakı Konqres Mərkəzində keçirilir. Sizcə, bu, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər sırasında nə dərəcədə mühüm hadisədir?
Azərbaycan dünyada neft hasilatına sənaye səviyyəsində başlayan ilk regionlardan biridir. 19-cu əsrin sonlarında Bakıda (Abşeron yarımadasında) ilk
neft buruğunun ucaldılması regionda neft sənayesinin başlanğıcı oldu. 19-cu əsrin sonunda 20-ci əsrin əvvəllərində Azərbaycanda neft hasilatı bumu bütün ölkədə iqtisadi və sənaye yüksəlişinə təkan verdi. Azərbaycan tarixində əsas nailiyyətlərdən biri - ümummilli lider Heydər Əliyevin 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalaması Xəzərdə neft və qaz yataqlarının işlənməsinin başlanğıcı oldu və Azərbaycan neftini beynəlxalq bazarlarda çox tələb olunan məhsula çevirdi. Bu əlamətdar hadisə Azərbaycanda yeni bir dövrün başlanğıcı oldu, ölkəyə əhəmiyyətli investisiyalar və qabaqcıl texnologiyalar axın etdi.
Azərbaycanın neft sənayesinin tarixi yolu bu sektorda keçirilən tədbirlərin, xüsusilə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunun nüfuzuna və əhəmiyyətinə böyük töhfə vermişdir.
Bakı Enerji Forumu Xəzər regionu, eləcə də daha geniş regionda enerji sənayesinin ən mötəbər və ən böyük tədbirlərindən biridir. Bakı Enerji Həftəsi (Bakı Enerji Forumu daxil olmaqla) Azərbaycanın dünya enerji arenasında əsas oyunçu kimi mövqeyinin möhkəmləndirilməsi üçün platformaya çevrilib. Bu platforma investisiyaların cəlb edilməsinə, enerji ilə əlaqəli sahələrin inkişafını stimullaşdırmağa kömək edir və iştirakçılar arasında bilik və təcrübə mübadiləsini təşviq edir.
Bakı Konqres Mərkəzində keçirilən Bakı Enerji Forumu ölkədə keçirilən beynəlxalq enerji tədbirləri kontekstində mühüm hadisədir, çünki o, daim enerji sektorunda ölkənin nüfuzunun artırılması istiqamətində işləyir. Belə əhəmiyyətli illik tədbirin keçirildiyi əsas məkan olaraq Bakı Konqres Mərkəzi gələcəkdə Bakı Enerji Forumunun yaradılması və idarə edilməsində dəyərli töhfəsini verməyə hazırdır.