"Rusiyanın Ukraynaya qarşı sabitliyi pozan hərəkətləri və Avropada qaz çatışmazlığı səbəbindən regionun enerji mənbələrinin daha da şaxələndirilməsi üçün addımlar atılması daha da aktuallaşıb. Cənub Qaz Dəhlizi (CQD) və Azərbaycan burada mühüm rol oynaya bilər".
"APA-Economics"in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.
"CQD-nin gücünü ikiqat artırmaq üçün potensial var, bu, müəyyən vaxt və investisiyalar tələb edəcək, lakin məncə, bu proseslərə başlamağın vaxtıdır. Trans-Adriatik Boru Kəməri (TAP) potensial olaraq Türkmənistanın əhəmiyyətli qaz ehtiyatlarını qlobal bazarlara çıxarmaq üçün bir yoldur. Təbii ki, bunun baş verməsi üçün ölkələrin və şirkətlərin müvafiq qərarları olmalıdır", - deyə səfir bildirib.
Litzenberqerin sözlərinə görə, ABŞ hesab edir ki, CQD-nin imkanları genişləndirilə və əlavə qazı Avropaya daşıya bilər.
"Azərbaycan bu yaxınlarda Türkmənistan qazı ilə bağlı danışıqlar aparıb və bu, potensial olaraq Türkmənistan qazının İran ərazisi ilə Azərbaycana gələrək CQD-nin tutumunu genişləndirə bilər. Bu seçimin olmasından xəbərdarıq, bunun uzunmüddətli həll olduğuna əmin deyiləm, lakin bunun, əlbəttə, hazırda faydalı olacağı aydındır. Beləliklə, biz Avropaya qaz tədarükünü artırmaq üçün bütün imkanlara açığıq və onların əksəriyyəti Azərbaycanla bağlıdır", - diplomat qeyd edib.