Trans-Anadolu qaz kəməri (TANAP) genişləndirilməsi prosesi (genişləndirmənin üçüncü fazası, illik 30,7 mlrd. – red.) 4-5 il tələb edə bilər.
"APA-Economics"in məlumatına görə, bunu mətbuat konfransı zamanı TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.
Onun sözlərinə görə, genişləndirilmə prosesi vaxt tələb edəcək, çünki investisiya qərarı verilməli, lazımi avadanlıqların alınması prosesi aparılmalı və tikinti işləri yerinə yetirilməlidir.
S. Düzyol onu da əlavə edib ki, kəmərin genişləndirilməsinin həcmindən asılı olaraq, məsələn, illik 23,7 mlrd. kubmetrədək (genişləndirmənin ikinci fazası – red.), bu proses bir qədər tez baş verə bilər.
Qeyd edək ki, hazırda TANAP genişləndirmənin birinci fazasında (16,2 mlrd. kubmetr) fəaliyyət göstərir.
S. Düzyol qeyd edib ki, genişləndirmə ilə bağlı qərar indi qəbul edilirsə, o zaman nəzərə almaq lazımdır ki, neftin qiymətinin qalxması və qlobal iqtisadiyyatında baş verən proseslər fonunda bütün xidmətlər və avadanlıqlar bahalaşır, bu da layihələrin dəyərinin artması deməkdir.
Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.
"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb.
Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub.
2019-cu ilin noyabrında TANAP-ın ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan hissəsinin (Faza-1) təntənəli istismara verilməsi mərasimi keçirilib.
TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə isə ötən il dekabrın 31-də başlanılıb.